XƏBƏRLƏR
290 Arxiv

2026.06.12

Canli Sistemlərin Tədqiqi İnstitutunda “Azərbaycanda İnsan Hüquqları Günü” -nə həsr olunan tədbir keçirilib

12 iyun 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda 18 İyun – “Azərbaycanda İnsan Hüquqları Günü”nə həsr olunan maarifləndirici tədbir keçirilib.

Ölkəmizdə 18 may – 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" çərçivəsində təşkil olunan tədbiri giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət siyasətinin əsas qayəsini insan amilinə verilən yüksək dəyərin təşkil etdiyini bildirib. O, qeyd edib ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, vətəndaş rifahının yüksəldilməsi və hüquqi dövlət quruculuğu Azərbaycan dövlətçiliyinin təməl prinsiplərindən biridir.

Daha sonra institutun İnsan Resursları və Hüquq Sektorunun müdiri Svetlana Kərimova geniş məruzə ilə çıxış edib. O, ölkəmizdə insan hüquqlarının qorunmasının sadəcə hüquqi bir öhdəlik deyil, həm də mənəvi bir prioritet olduğunu diqqətə çatdırıb. Məruzəçi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ilə əsası qoyulan fundamental islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə qaldırılıb və uğurla davam etdirilir.

S.Kərimova bildirib ki, son illərdə insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması, vətəndaş məmnunluğunun artırılması, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin əsas göstəricilərindəndir. O, həmçinin Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirdiyini, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

Məruzə zamanı insan hüquqlarının təşviqi, hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi və hüquqi mədəniyyətin inkişaf etdirilməsi məsələlərinə də toxunulub. Bildirilib ki, insan hüquqlarının qorunması sahəsində əldə olunan uğurlar ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin və insan amilinə verilən yüksək dəyərin bariz təzahürüdür.

Sonda bu cür maarifləndirici görüşlərin kollektivdə hüquqi məsuliyyət hissini artırmaqla yanaşı, sağlam iş mühitinin qorunmasına xidmət etdiyi qeyd olunub və tədbir İnsan Hüquqları Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.