2026.06.12
Milli Qurtuluş Günü: Müstəqilliyin, sabitliyin və tərəqqinin başlanğıcı
12 iyun 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi hesab edilən “Milli Qurtuluş Gününə” həsr olunan tədbir keçirilib.
İnstitut rəhbərliyi, əməkdaşları və gənc tədqiqatçıların iştirak ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən məruzələr dinlənilib.
Giriş sözü ilə çıxış edən institutun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.
O bildirib ki, 1993-cü ilin iyun hadisələri ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirən taleyüklü mərhələ olub. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə hökm sürən siyasi böhranı aradan qaldıraraq Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib. “Heydər Əliyev zamanın sınaqlarından çıxmış görkəmli tarixi şəxsiyyətdir. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir”, – deyə İradə Xəlilova çıxışında qeyd edib.
Daha sonra institutun Yeni Azərbaycan Partiyası təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarov “Heydər Əliyevin qayıdışı Zəfər yolunun başlanğıcı oldu” mövzusunda çıxış edib. O bildirib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı ölkədə sabitliyin, iqtisadi inkişafın və dövlət quruculuğunun möhkəm təməllərinin yaradılmasına imkan verib.
Tədbirdə çıxış edən institutun əməkdaşı Humay Əliyeva “Müasir Azərbaycanın formalaşmasında Heydər Əliyevin əvəzsiz rolu” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu Öndərin dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, milli maraqlara əsaslanan daxili və xarici siyasət kursu, elm, təhsil və mədəniyyətin inkişafına göstərdiyi diqqət barədə ətraflı məlumat verib.
İnstitutun əməkdaşı Jalə Tərverdiyeva isə “Milli Qurtuluş Günü: Müstəqilliyin, Sabitliyin və Elmin Zəfəri” mövzusunda çıxış edərək bu günün ölkənin bütün sahələrində, o cümlədən elmin inkişafında yaratdığı imkanlardan danışıb. O vurğulayıb ki, dövlət müstəqilliyinin qorunması və siyasi sabitliyin təmin olunması Azərbaycan elminin davamlı inkişafı üçün etibarlı zəmin yaradıb. Bu gün ölkəmizdə həyata keçirilən elmi islahatlar və innovativ layihələr də məhz həmin siyasi xəttin uğurlu nəticələrindəndir.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.




