XƏBƏRLƏR
216 Arxiv

2026.06.09

Canlı Sistemlərin Tədqiqi İnstitutunda doktoranturaya qəbul komissiyasının iclası keçirilib

8 iyun 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-də fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün sənəd verən iddiaçıların sənədlərinin və ixtisas uyğunluğunun yoxlanılması məqsədilə qəbul komissiyasının iclası keçirilib.

İnstitutun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilovanın sədrliyi və müvafiq komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda iddiaçılar dinlənilib, onların sənədləri və ixtisas uyğunluqları ətraflı nəzərdən keçirilib. Aparılan müzakirələrin nəticəsi olaraq, səkkiz iddiaçının sənədləri Ali və Orta İxtisas Təhsili Alt Sisteminə (AOİTAS) qəbul edilib və komissiyanın tövsiyəsi ilə onların qəbul imtahanlarına buraxılması haqqında müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2026-ci il üçün doktorant hazırlığı üzrə qəbul planı” na əsasən Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-ə səkkiz vakant yer ayrılıb.