2026.06.05
İnstitutda "Rəhbər heyətin mülki müdafiə məşqi" təşkil olunub
5 iyun 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda "Rəhbər heyətin mülki müdafiə məşqi" təşkil olunub.
İnstitutun rəhbər heyətinin, mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin və müvafiq şöbə əməkdaşlarının iştirakı ilə keçən məşqdə əsas məqsəd fövqəladə hallar zamanı personalın təhlükəsizliyinin təmin edilməsi, idarəetmə orqanlarının və mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yoxlanılması, həmçinin operativ qərarların qəbul edilməsi bacarıqlarının artırılması olub.
Tədbiri giriş sözü ilə açan institutun əməkdaşı Anar Əliyev tərəfindən komandir-rəis heyətinin fəaliyyət planı nəzərdən keçirilib, institut əməkdaşlarının təhlükəsiz zonaya təxliyəsi və ilkin tibbi yardımın təşkili üzrə praktiki addımlar məşq edilib. Həmçinin, laboratoriya şəraitində yarana biləcək spesifik risklərin idarə olunması və rabitə-xəbərdarlıq sistemlərinin sazlığı yoxlanılıb.
Tədbirin yekununda keçirilən məşqin nəticələri təhlil edilib, mülki müdafiə planının təkmilləşdirilməsi və fərdi hazırlıq səviyyəsinin daim yüksək saxlanılması istiqamətində müvafiq tapşırıqlar verilib. Məşq qarşıya qoyulan məqsədlərə uğurla nail olunması ilə başa çatıb.




