XƏBƏRLƏR
177 Arxiv

2026.06.02

İnstitut əməkdaşlarının məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda dərc edilib

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, professor Əli Nəsirov və aparıcı elmi işçisi, Biologiya üzrə fəlsəfə doktoru, dosent Fuad Rzayevin həmmüəllifi olduğu elmi məqalə dünyanın nüfuzlu Scopus və Web of Science bazalarında indekslənən, yüksək reytinqli Q1 qvartilinə malik "Veterinary Medicine International" jurnalında dərc edilib. “Anthelmintic Activity of Iron Oxide Nanoparticles Against the Goose Nematode Heterakis dispar (Schrank, 1790): An In Vitro Study” adlı məqalədə ev su quşlarında geniş yayılaraq sahib orqanizminə ciddi zərər verən Heterakis dispar nematoduna qarşı sintez edilmiş dəmir-oksid (Fe3O4) nanohissəciklərinin in vitro şəraitdə (50 və 100 mkq/mL dozalarda) təsiri elektron mikroskopik üsulla ultrastruktur səviyyədə tədqiqi haqqında məlumatlar yer alıb.

Aparılan kompleks tədqiqatlar zamanı nanohissəciklərin parazitin orqanizminə daxilolma yolları, miqrasiya trayektoriyası və lokallaşdığı sahələrdə törətdiyi patoloji dəyişikliklər dəqiq müəyyən edilib. Laboratoriya analizlərindən əldə olunan fundamental məlumatlar Fe3O4 nanohissəciklərinin yüksək antihelmint (qurd əleyhinə) xüsusiyyətlərə malik olduğunu qətiyyətlə söyləməyə əsas verir.