2026.05.21
Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı konfransda iştirak edib
5 may 2026-cı il tarixində Qərbi Kaspi Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qlobal çağırışlar və perspektivlər: Rəqəmsallaşma Dövründə Ekoloji və Dayanıqlı Urban Sistemlər” mövzusunda beynəlxalq multidissiplinar elmi-praktik konfrans keçirilib.
Konfransın əsas məqsədi – elmin müxtəlif sahələrində fəaliyyət göstərən yerli və xarici tədqiqatçıları bir araya gətirmək, onlara öz elmi nailiyyətlərini təqdim etmək, aktual akademik müzakirələrdə iştirak etmək və tədqiqat nəticələrini qlobal elmi ictimaiyyətə inteqrasiya etmək üçün əlverişli platforma yaratmaqdan ibarətdir.
Tədbirdə Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı Ləman Süleymanlı "Normal fizioloji qocalma zamanı görmə yaddaşı" adlı məruzə ilə çıxış edib. Məruzəçi çıxışında yaşlaşma prosesinin insan beyninə, xüsusən də vizual informasiyanın emalı və yadda saxlanması mexanizmlərinə təsirindən bəhs edib. O, patoloji qocalma ilə normal fizioloji qocalma arasındakı fundamental fərqləri diqqətə çatdıraraq, sağlam yaşlı fərdlərdə görmə yaddaşının spesifik xüsusiyyətlərini təhlil edib.
Konfrans iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanıb və təqdimat ətrafında geniş elmi müzakirələr aparılıb.
Sonda Ləman Süleymanlı konfransda fəal iştirakına və elmi məruzəsinə görə sertifikatla təltif olunub.




