2026.05.21
Canlı Sistemlərin Tədqiqi İnstitutunda hindistanlı alimlərlə görüş keçirilib
20 may 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunda Hindistanın M.E.S. Mampad Kollecinin Mühafizə Ekologiyası Mərkəzi və Zoologiya Departamentinin dosenti Dr. K.S. Anoop Das, M.E.S. Asmabi Kollecinin dosenti Dr. Dhanya Kandarattil və Kerala hökumətinin təhsil sahəsinin əməkdaşı Prasanth Vengalil ilə görüş keçirilib.
Görüşdə Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova, əməkdaşlar b.e.d. Tahir Kərimov, b.ü.f.d. Təvəkkül İsgəndərov, b.ü.f.d. Səbinə Bünyatova, b.ü.f.d. Elyanə Tahirova, b.ü.f.d. Gülər Hüseynzadə və Elşad Əsgərov iştirak ediblər. Səmimi və işgüzar şəraitdə keçən görüşdə hindistanlı qonaqlara institutun zəngin tarixi, aparılan elmi tədqiqatlar və xüsusilə yerli zooloqların əldə etdiyi mühüm nəticələr barədə ətraflı məlumat verilib.
Öz növbəsində Dr. K.S.Anoop Das Hindistanın rəngarəng və unikal heyvanlar aləminə həsr olunmuş genişmiqyaslı elmi araşdırmalarından söz açıb, zoologiya və ekologiya sahəsindəki son qlobal elmi meyilləri, innovativ tədqiqat metodlarını və əldə etdiyi mühüm elmi nəticələri həmkarı ilə bölüşüb. Müasir ekoloji çağırışlar fonunda hər iki ölkənin fauna müxtəlifliyinin öyrənilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qonaqlar həmçinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyin ekspozisiyasında nümayiş etdirilən Azərbaycan və dünya faunasına aid müxtəlif heyvan növləri ilə yaxından tanış olublar.
Görüş sadəcə tanışlıq xarakteri daşımayıb, həm də gələcəyə yönəlmiş böyük elmi planların təməlini qoyub. Belə ki, müzakirələr zamanı alimlər arasında gələcək birgə elmi əməkdaşlıq, müştərək tədqiqatların aparılması və beynəlxalq səviyyəli elmi nəşrlərin işıq üzü görməsi istiqamətində mühüm razılıqlar əldə olunub.




