XƏBƏRLƏR
268 Arxiv

2026.05.14

Canlı Sistemlərin Tədqiqi İnstitutu əməkdaşları elmi nailiyyətlərinə görə mükafatlandırılıblar

Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədqiqatçıların mükafatlandırılması prosesi 2026-cı ildə də uğurla davam etdirilir. Layihənin əsas məqsədi beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan elmi məqalələrin sayının artırılması, Azərbaycan elminin beynəlxalq elmi məkanında mövqeyinin daha da gücləndirilməsi və alimlərin elmi fəaliyyətə təşviq edilməsidir.

Bu məqsədlə Agentlik tərəfindən sahə üzrə istinad indeksi göstəriciləri, Q1 və Q2 kvartilli jurnallarda dərc olunan məqalələrin sayı, elmi işlərin dünya üzrə ən çox oxunan TOP 10% siyahısında yer alması, eləcə də həmmüəllif sayı kimi mühüm meyarlar əsasında müəllif balının hesablanma qaydası hazırlanıb. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq A, B və C kateqoriyalarında yer alan tədqiqatçılara aylıq mükafatların verilməsi nəzərdə tutulur.

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları da əldə etdikləri elmi nailiyyətlərlə bu siyahıda yer alıblar. Beynəlxalq impakt faktorlu jurnallarda çap olunmuş elmi məqalələrinə görə institutun bir qrup əməkdaşları müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaqlar.

“A” kateqoriyası üzrə biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayev və biologiya elmləri doktoru Natalya Sneqovaya yüksək nəticələri ilə fərqləniblər.

“B” kateqoriyası üzrə Elşad Əsgərov mükafata layiq görülüb.

“C” kateqoriyası üzrə isə biologiya elmləri doktoru Ulduz Həşimova, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova, biologiya elmləri doktoru Əli Nəsirov, biologiya üzrə fəlsəfə doktoru Simuzər Məmmədova, biologiya üzrə fəlsəfə doktoru Tamara Nuruyeva və biologiya elmləri doktoru Saleh Əliyev mükafatlandırılacaq tədqiqatçılar sırasında yer alıblar.

Qeyd edək ki, bu cür təşviq mexanizmləri ölkədə elmi fəaliyyətin inkişafına, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə və Azərbaycan alimlərinin qlobal elmi platformalarda daha fəal təmsil olunmasına mühüm töhfə verir.