2026.05.13
Canlı Sistemlərin Tədqiqi İnstitutunun gənc alimi Qərbi Kaspi Universitetində məruzə ilə çıxış edib
17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq, ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun gənc alimi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Rəcəbova 12 may tarixində Qərbi Kaspi Universitetində “Şəhərsalma və biomüxtəliflik: elmi-nəzəri yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə şəhərsalma prosesində yalnız insanların sağlamlığının deyil, eyni zamanda urbanizasiya şəraitində yaşayan fauna növlərinin qorunmasının da mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Məruzədə insan və canlı təbiət arasında tolerant münasibətlərin formalaşdırılması, biomüxtəlifliyin qorunmasına yönəlmiş elmi-nəzəri yanaşmalar və onların praktik tətbiqi məsələləri tələbələrin diqqətinə çatdırılıb.
Çıxış zamanı sağlam həyat tərzi, ekoloji tarazlığın qorunması, yaşıl və ağıllı şəhər modelinin formalaşdırılması kimi məsələlərə toxunulub, müasir şəhərsalma konsepsiyalarında təbiətlə harmoniyanın vacibliyi qeyd edilib.
Sevinc Rəcəbova həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyəti, bu beynəlxalq platformanın dayanıqlı inkişaf baxımından rolu və Azərbaycanın şəhərsalma sahəsində irəli sürdüyü təşəbbüslər barədə tələbələrə ətraflı məlumat verib.




