2026.04.28
Azərbaycan elmi görkəmli alimini itirmişdir
Görkəmli alim, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rafiq Yunis-Əli oğlu Qasımov ömrünün 95-ci ilində dünyasını dəyişmişdir.
AMEA-nın müxbir üzvü Rafiq Qasımov 26 iyun 1931-ci ildə İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib, elmi-tədqiqat fəaliyyətinə 1954-cü ildə SSRİ EA İ.P.Pavlov adına Fiziologiya İnstitutunda (Sankt-Peterburq) başlayıb, sonradan Azərbaycana qayıdaraq 1960-1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi-Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri vəzifəsində tədqiqatlarını davam etdirmişdir. 1974-cü idən Fiziologiya İnstitutunda çalışmış, onun təşəbbüsü ilə yaradılmış və uzun illər rəhbərlik etdiyi laboratoriya bugün ekoloji fiziologiya və toksikologiya sahələrində bir məktəb kimi tanınır. Rafiq Qasımovun elmi nəticələri keçmiş SSRİ-də nərəkimilərin sənaye üsulu ilə artırılmasının təşkilində əsas kimi götürülüb və nərəkimilərin bioloji tərəqqisi nəzəriyyəsinin yaradılmasında mühüm rol oynayıb. Alimin müasir tədqiqatlarının əhəmiyyətli hissəsi neft və digər kimyəvi çirkləndiricilərin su orqanizmlərinə təsirinin öyrənilməsinə həsr edilib. O, 330-dan çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 1 dərsliyin müəllifidir, 5 elmlər doktoru, 33 elmlər namizədi hazırlayıb.
Rafiq Qasımov beynəlxalq miqyasda tanınan bir alimdir, onun əsərlərinə çoxsaylı istinadlar edilir. O, Leypsik yarmarkasının Böyük Qızıl Medalı (1982), Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Bürünc Medalı (1989), ekologiya sahəsində xidmətlərinə görə Akademik Həsən Əliyev adına medal (1996) ilə təltif edilib. 2 dəfə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülüb. Prezident təqaüdçüsüdür. 2010-2019-cu illərdə AMEA Veteranlar Şurasının sədri kimi məsul vəzifəni daşımışdır. 2020-ci ildən AMEA Biologiya və Tibb Elmləri Bölməsi Elmi Şurasının üzvüdür. Biologiya elminin inkişafında əvəzsiz rolu olan alim təkamül və ekoloji fiziologiya,ekotoksikologiya istiqamətində məktəbin yaradıcısıdır. Onun fundamental və xalq təsərrüfatı əhəmiyyətli tədqiqatlarında əldə etdiyi nailiyyətlər elmin mühüm sərvətidir.
Rafiq Yunis-Əli oğlu Qasımovun əziz xatirəsi İnstitut kollektivinin qəlbində daima yaşayacaqdır!
ALLAH RƏHMƏT ELƏSİN!
https://physiology.az/az/news/865




