2026.04.28
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Aprelin 28-i əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.
Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı müdafiə edib və bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksəlib. 1977-ci ildə “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə müdafiə edib və ona tibb elmləri doktoru elmi dərəcəsi verilib. Tibb sahəsində əvəzsiz xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilib. Görkəmli alim, onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olub, çox sayda beynəlxalq qurultay, konqres və simpoziumlarda iştirak edib. O, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Görkəmli alim, həkim, əziz və unudulmaz Zərifə xanım Əliyevanın xatirəsi onu sevənlərin qəlblərində daim yaşayacaqdır!
ALLAH RƏHMƏT ELƏSİN!




