XƏBƏRLƏR
150 Arxiv

2026.04.20

Əməkdaşımız Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

13-17 aprel 2026-cı il tarixlərində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Fuad Rzayev “Visiting Professor” proqramı çərçivəsində mühazirələrin oxunması və praktiki dərslərin keçirilməsi məqsədi ilə Qazaxıstanın Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinə dəvət olunub. Səfər müddətində alim, universitetin “Histologiya” kafedrasında professor-müəllim heyəti və gənc alimlər üçün “Ультраструктурное исследование свойств природных и синтезированных наночастиц (Təbii və sintez olunmuş nanohissəciklərin ultrastruktur xüsusiyyətlərinin tədqiqi)” mövzusunda məruzə ilə çıxış edib.

Bununla yanaşı, O, 15 aprel tarixində universitetdə keçirilən “Tibbdə Morfologiya: Fundamental Nəzəriyyələrdən Klinik Qərarlara” adlı I Beynəlxalq Elmi Praktiki Konfransda “РОЛЬ ЦИФРОВОЙ МОРФОЛОГИИ В МЕДИЦИНЕ (НА ПРИМЕРЕ ТРАНСМИССИОННОЙ ЭЛЕКТРОННОЙ МИКРОСКОПИИ)” (Rəqəmsal morfologiyanın tibbdə rolu-Transmission Elektron Mikroskopu misalında) mövzusunda məruzə təqdim edib,  konfransda Plenar iclasın (Morfoloqlar, tədqiqatçılar və tibb təhsili mütəxəssisləri arasında fənlərarası dialoqun qurulması) moderatoru vəzifəsini icra edib.

Səfər müddətində Fuad Rzayev tərəfindən Qərbi Qazaxıstan Tibb Universitetinin əməkdaşları ilə birgə elmi tədqiqatların yerinə yetirilməsi istiqamətində ciddi müzakirələr aparılıb, əldə olunan nəticələrin nüfuzlu jurnallarda nəşr olunması, beynəlxalq layihələrin hazırlanması və onların icra olunması istiqamətində işlərin aparılmasına dair ilkin razılıqlar əldə edilib.