2026.04.08
Bakı şəhərində keçiriləcək WUF13 çərçivəsində Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları 158 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirib
2026-cı il 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq, Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları tərəfindən növbəti maarifləndirmə tədbiri həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 621 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq, paytaxtın 158 nömrəli tam orta məktəbində maarifləndirici görüş təşkil olunub.
Görüşdə Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı Leyla Əhmədli şagirdlər üçün “Urbanizasiya fonunda fauna müxtəlifliyinin dinamikası” mövzusunda geniş təqdimat edib.
Təqdimat zamanı “Urbanizasiya fonunda fauna müxtəlifliyinin dinamikası” anlayışı şəhərsalma proseslərinin heyvan növlərinin sayına, tərkibinə, yayılmasına və davranış xüsusiyyətlərinə göstərdiyi təsirləri ətraflı şəkildə izah edilib. Bildirilib ki, urbanizasiya nəticəsində təbii mühitlərin dəyişməsi fonunda fauna müxtəlifliyində baş verən artım və ya azalma meyillərini, eləcə də növlərin ekosistem daxilindəki funksional rolunun transformasiyasını əhatə edir.
Təqdimat zamanı şagirdlərin biologiya elminə olan marağı xüsusi qeyd olunub. Əməkdaşlar gənclərə elmi tədqiqatlara yiyələnməyin yolları, bu sahədə karyera imkanları və təbiətin qorunmasında gənc nəslin rolu barədə tövsiyələr veriblər.




