2026.04.01
Professor Şəfiqə Topçiyevanı 75 illik yubileyi münasibəti ilə təbrik edirik!
Bu gün AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı biologiya elmləri doktoru, professor Şəfiqə Topçiyevanın 75 illik yubileyidir.
Topçiyeva Şəfiqə Ənvərovna 1 aprel 1951-ci ildə Gürcüstan Respublikasının Tiflis şəhərində anadan olub. 1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1988-ci ildə Moskva şəhərində Seçenov adına 1-ci Tibb İnstitutunda "Erinitin, izosorbid dinitrat və izisorbid-5-mononitratın farmakokinetikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının A. İ. Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında "Zaqafqaziya gürzəsi (Vipera lebetina obtusa) zəhərinin biokimyəvi və farmakokinetik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, 1993-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda (Canlı Sistemlərin Tədqiqi İnstitutu) fəaliyyət göstərir.
Alimin apardığı tədqiqatlar nəticəsində bir sıra mühüm elmi nəticələr əldə edilib. O, 319 elmi əsər, 6 monografiya, 1 müəllimlər üçün tədris vəsaiti, 2 metodik tövsiyə və 7 patentin müəllifidir.
Qeyd edək ki, professor Şəfiqə Topçiyevanın Azərbaycan Respublikasında uzunmüddətli və məhsuldar elmi-tədqiqat fəaliyyəti, gənc alimlərin yetişdirilməsindəki rolu və elmi-nəzəri fikrin zənginləşməsinə verdiyi töhfələr rəhbərlik tərəfindən yüksək qiymətləndirilir.
Ad günü münasibətilə kollektivimiz adından dəyərli Şəfiqə xanımı ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq. Ad gününüz mübarək!




