2026.03.16
Azərbaycanın görkəmli entomoloq-alimi dünyasını dəyişib
AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya elmləri doktoru, dosent Kərimova İlhamə Qüdrət qızı ömrünün 62-ci ilində vəfat edib.
İlhamə Kərimova 1964-cü il yanvar ayının 31-də Siyəzən rayonunda anadan olub. 1981-ci ildə həmin rayonun 2 №-li tam orta məktəbini bitirib. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsində təhsil alıb. 1988-ci ildən Zoologiya İnstitutunda çalışıb. 1997-ci ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi , 2012-ci ildə isə dosent elmi adı alıb. 2021-ci ildən aparıcı elmi işçi vəzifəsinə təyin edilib. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Entomologiya” ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsi diplomu verilib.
Alimin apardığı tədqiqatlar nəticəsində bir sıra mühüm elmi nəticələr əldə edilmişdir. Qeyd edək ki, İlhamə Kərimova 100-dən çox elmi əsərin müəllifidir. O, həmçinin bir sıra xarici ölkələrin aparıcı elmi müəssisələri və tədqiqatçıları ilə səmərəli elmi əməkdaşlıq əlaqələri qurmuşdur.
Entomologiya elm sahəsində əvəzsiz xidmətləri olan əsl ziyalı və dəyərli insan İlhamə Kərimovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
ALLAH RƏHMƏT ELƏSİN!




