2026.03.12
Bakı şəhərində keçiriləcək WUF13 çərçivəsində Zoologiya İnstitutunun alimləri 20 nömrəli məktəb-liseydə şagirdlərlə görüş keçirib
2026-cı il mayın 17-dən 22-dək Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq, Zoologiya İnstitutunun əməkdaşları tərəfindən növbəti maarifləndirmə tədbiri həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 621 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq, paytaxtın 20 nömrəli məktəb-liseyində maarifləndirici görüş təşkil olunub.
Görüşdə Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Tahir Kərimov və kiçik elmi işçi Leyla Əhmədlinin şagirdlər üçün “Şəhər infrastrukturu ilə miqrasiya edən növlər arasında qarşılıqlı əlaqə” mövzusunda geniş təqdimat ediblər.
Təqdimat zamanı müasir şəhərsalma proseslərinin vəhşi təbiətə, xüsusilə də mövsümi miqrasiya edən heyvan növlərinə təsiri ətraflı şəkildə izah edilib. Bildirilib ki, sürətlə genişlənən şəhər infrastrukturu (yollar, körpülər, yaşayış massivləri) bir çox canlı növlərinin təbii miqrasiya yollarına təsir göstərir və bu sahədə elmi yanaşmaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Təqdimat zamanı şagirdlərin biologiya elminə olan marağı xüsusi qeyd olunub. Alimlər gənclərə elmi tədqiqatlara yiyələnməyin yolları, bu sahədə karyera imkanları və təbiətin qorunmasında gənc nəslin rolu barədə tövsiyələr veriblər.
Görüşün ikinci hissəsində şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Suallar əsasən Azərbaycanın nadir heyvan növləri, onların qorunması üçün görülən tədbirlər və şəhər həyatının təbii mühitə təsiri ətrafında olub. Sonda biologiya elminin gündəlik həyatda rolu və ətraf mühitin qorunmasının vacibliyi haqqında səmərəli fikir mübadiləsi aparılıb.
Tədbirdə aktiv iştirak edən şagirdlərə Tahir Kərimov tərəfindən kitab hədiyyə edilib.




