2026.03.03
3 mart - Beynəlxalq vəhşi təbiət günüdür
Hər il mart ayının 3-ü Beynəlxalq vəhşi təbiət günü kimi qeyd olunur.
Qeyd edək ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdən ibarətdir. Bundan başqa, bu gün bizə vəhşi təbiətə qarşı cinayət törədənlərlə mübarizənin gücləndirilməsinin zəruriliyini xatırladır.
Aydın məsəldir ki, insanlar qidadan tutmuş yanacaq, dərman, geyim və digər ehtiyaclarını ödəmək üçün vəhşi təbiət və biomüxtəliflik resurslarından istifadə edirlər. Bu da öz növbəsində növlərin, yaşayış yerlərinin və ekosistemlərin davamlı itkisi, Yer kürəsindəki həyat üçün böyük təhdid deməkdir. Bu kimi qlobal problemlərin aradan qaldırılması isə beynəlxalq təşkilatların payına düşür.
Hazırda ölkəmizdə də vəhşi təbiətin mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Nəsli kəsilmək təhlükəsi olan növlərin bərpasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli təşkilatlarla birgə layihələr icra edir. Həmçinin Azərbaycanda flora və fauna növlərinin mühafizəsi məqsədilə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu xüsusi mühafizə olunan ərazilərin ümumi sahəsi ölkə ərazisinin 10,3 faizini təşkil edir.




