2026.02.26
Zoologiya İnstitutunda “Xocalı soyqırımı bəşər tarixində ən böyük insanlıq cinayətidir” mövzusunda tədbir keçirilib
26 fevral 2026-cı il tarixində AR ETN Zoologiya İnstitutunda “Xocalı soyqırımı bəşər tarixində ən böyük insanlıq cinayətidir” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalını necə yerlə-yeksan etməsindən, erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərindən danışıb. O, həmin qanlı faciə zamanı 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır – deyə öz çıxışında qeyd edib.
Sonra söz YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarova verilib. Məruzəçi çıxışında bildirib ki, Müzəffər Azərbaycan ordusunun Ali Baş komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Xocalını tam nəzarətə götürdü və şəhərdə üçrəngli bayrağımızı dalğalandırdı. Bu təkcə zəfər deyil, həm də tarixi ədalətin bərpası, tarixi münaqişələrin və müharibələrin ədalətli həlli üçün nümunəvi modeldir.
Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şükür Quliyev çıxışında qeyd edib ki, Azərbaycan xalqı Xocalı faciəsini, insan təfəkkürünə sığmayan vəhşilikləri, amansız və qəddar qətliamı heç vaxt unutmur və unutmayacaq!
Sonra söz Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Fatimə Güləhmədovaya verilib. O, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticələri, faciənin bütün dünyada tanıdılması, abidələrin ucaldılması və sənədli filmlərin yayılmasının vacibliyini vurğulayıb.
Sonda tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilən videoçarxın nümayişi ilə sona çatıb.




