XƏBƏRLƏR
252 Arxiv

2025.12.09

“Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair” maarifləndirmə mövzusunda iclas keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nın 6.1.11-ci yarımbəndinin icrası ilə əlaqədar 8 dekabr 2025-ci il tarixində Zoologiya İnstitutunda “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair” maarifləndirmə mövzusunda iclas keçirilib.

İclasda çıxış edən institutun elmi katibi b.ü.f.d., dosent Sara Əliyeva bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların məcburi ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Bu hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. 

İclasda eyni zamanda İnstitutun Həmkarlar Təşkilatının sədri Gülnarə Aslanova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Nadirli çıxış edərək mövzu ətrafında geniş məlumatlar verib, erkən nikaha səbəb olan hallar, qohumlar arasında nikahın mənfi nəticələri və bu halların qarşısının alınması istiqamətində görülmüş işlər mövzusunda geniş məruzələrlə çıxış etdilər.