2025.11.05
Zoologiya İnstitutunda “8 Noyabr - Zəfər Günü”nə həsr olunan tədbir keçirilib
5 noyabr 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunda “8 Noyabr - Zəfər Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbirin əvvəlində vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözləri ilə açan institutun baş direktoru, aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov Zəfər Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. O, həmçinin Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində şanlı qələbəsindən artıq 5 il ötdüyünü vurğulayıb. Bu qələbə ilə Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü təmin edildi, düşmənə sarsıdıcı zərbə endirildi- deyə direktor çıxışında qeyd edib. Sonra 44 günlük İkinci Qarabağ müharibəsində iştirak etdiyinə görə institutun əməkdaşı Kamran Şəfiyev Fəxri Fərmanı ilə təltif olunub.
Sonra söz YAP ərazi təşkilatın sədri, b.ü.f.d., Hafiz Muxtarova verilib. O, bu günün Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsi olduğunu söyləyib, qürurverici və əzəmətli qələbəmizlə tarixi ədalətin bərpa edildiyini vurğulayıb.
Tədbirdə həmçinin Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Zeynəb Məmmədova da çıxış edib. O, rəşadətli Azərbaycan əsgər və zabitlərinin addım-addım irəliləyərək düşmənə necə sarsıdıcı zərbə vurduğundan danışıb, adını qəhrəmanlar sırasına yazdıran şəhid və qazilərimizin igidlik, cəsarət və rəşadətindən söhbət açıb.
Qeyd edək ki, Zoologiya İnstitutu əməkdaşları tərəfindən hazırlanan "AZƏRBAYCAN FAUNASININ TAKSONOMİK SPEKTRİ (ONURĞASIZLAR)" adlı kitabı möhtəşəm qələbənin 5 illik yubileyinə bir töhfə kimi, Vətən uğrunda canını fəda edən şəhidlərimizə, döyüş meydanında igidlik göstərən qəhrəman qazilərimizə və Azərbaycanın müzəffər ordusuna ithaf olunub.
Sonda tədbir Zəfər Gününə həsr edilən video çarxın nümayişi ilə başa çatıb.




