2025.10.31
Zoologiya İnstitutunun əməkdaşı report.az-a müsahibə verib
Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d, Süleyman Süleymanov "Report"a müsahibə verib. O bildirib ki, son illər Xəzər dənizində və daxili su hövzələrində ekoloji şərait dəyişib. Suyun səviyyəsinin mütəmadi azalmasına iqlim dəyişiklikləri, çirklənmə və insan fəaliyyəti səbəb olur.
"Bu, su hövzələrində yaşayan canlılara təsir edir. Xəzərdə dəniz balıqları ilə yanaşı, keçici və yarımkeçici balıqlar da var. Mövcud problem dəniz balıqlarına nisbətən az təsir göstərir. Lakin hazırda dəniz suyu sahildən 200–400 metr geri çəkilib. Yarımkeçici balıqların kürüləmə yerləri ilə əlaqələri kəsilib. Keçici balıqlar dənizdə yaşasalar da, kürü tökmək üçün onlar da çaylara gedirlər. Təəssüf ki, çaylarda da su səviyyəsi azalıb. Kür çayı bir sıra hallarda dənizə çata bilmir. Xəzər dənizində yaşayan nərə və qızıl balıq növləri tükənmək üzrədir".
Mütəxəssis vurğulayıb ki, daxili su hövzələrində, məsələn, Varvara (Kür çayının üzərində, Mingəçevir SES-dən 20 km aşağıda yerləşir - red.) və Mingəçevir kimi su anbarlarında da su səviyyəsi dəyişir. Əsas problemlərdən biri çirklənmə və insan faktorudur:
"Dənizdə yaşayan siyənək, kilkə və kefal balıqlarının sayını artırmaq lazımdır. Yarımkeçici balıqların vəziyyəti qənaətbəxş deyil, çünki kürü tökə bilmirlər. Onların bərpası üçün 3-4 il vaxt lazımdır. Əgər nəzarət güclənsə, bu növləri bərpa etmək mümkündür. Artıq balıqların təbii yolla çoxalması, demək olar ki, mümkün deyil. Başqa alternativimiz yoxdur".




