2025.10.27
Zoologiya İnstitutunda Gülnarə Tahir qızı Hüseynovanın dissertasiya işinin müdafiəsi keçirilib
24 oktyabr 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 1.09/1 Dissertasiya şurasının növbəti iclası keçirilib. Biologiya elmləri doktoru, dosent Elşad Əhmədovun sədrliyi ilə keçən iclasda Parazitologiya laboratoriyasının elmi işçisi Gülnarə Tahir qızı Hüseynovanın Biologiya elm sahəsi üzrə 2429.01- “Parazitologiya” ixtisasında “Azərbaycanın Muğan düzündə buğda bitkisinin fitohelmintlərinin (Nematoda) biotası” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru Aleksandr Yuryeviç Rissdir.
Gülnarə Hüseynova mövzunun aktuallığı və işlənmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələri, metodları, nəzəri və praktiki əhəmiyyəti, tədqiqatın elmi yeniliyi haqqında ətraflı məruzə ilə çıxış edib, görülən işlər barədə məlumat verib, verilən sualları cavablandırıb. Sonra rəyçilərin irad və təklifləri dinlənilib.
Sonda elmi işin biologiya elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiə üçün sənədlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilib.




