2025.10.06
Zoologiya İnstitutunda “7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunan tədbir keçirilib
6 oktyabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda “7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü” nə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözləri ilə açan institutun baş meneceri Kəmalə Rasimli Layiqli Əmək Günü haqqında ətraflı məlumat verib, əmək şəraiti, əməkdaşlar arasında bərabərlik, işəgötürən ilə işçi arasında olan dialoq, öz əmək hüququnu müdafiə etməyə qədər bütün aspektləri əhatə edən məruzə ilə çıxış edib.
Sonra söz Quru onurğalıları laboratoriyasının müdiri, b.ü.f.d. Təvəkkül İsgəndərova verilib. O, “Layiqli əməyin mahiyyəti: bu gün və sabah” mövsusunda çıxış edərək layiqli əməyin milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri olduğunu söyləyib.
Daha sonra Kadrlar şöbəsinin müdiri Xuraman Novruzlu səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsinin vacibliyindən danışıb.
Tədbirdə həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Ləman Hüseynova çıxış edərək, Layiqli Əmək Günü ilə bağlı konvensiyalar haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonda söz İnstitutun Həmkarlar Təşkilatının sədri Gülnarə Aslanovaya verilib. O, layiqli əmək konsepsiyası dövlət proqramlarının əsasını təşkil etdiyini, biznesin deyil, insanların birinci yerdə olduğunu söyləyib. Hazırda ölkəmizdə vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön plandadır. Həmkərlar təşkilatı olaraq bizim də vəzifəmiz işçilərin əmək, sosial və iqtisadi hüquqlarını kollektiv şəkildə qanunvericiliyə uyğun müdafiə etmək, sosial-iqtisadi maraqlarını qorumaq və peşə maraqlarının təmin olunmasına kömək etməkdən ibarətdir – deyə Gülnarə Aslanova qeyd edib.




