2025.06.19
Zoologiya İnstitutunun əməkdaşları Göygöl, Daşkəsən, Laçın və Şuşa rayonlarında ekspedisiyada olub
AR ETN Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının əməkdaşları b.ü.f.d., dosent Təvəkkül İsgəndərov və baş laborant Zivərxanım İbrahimli “Azərbaycanın Kiçik Qafqaz təbii vilayətinin dağ və dağətəyi ərazilərində yayılmış reptili (Reptilia) növlərinə təbii və antropogen amillərin təsirinin qiymətləndirilməsi” mövzusuna aid tədqiqat materialları toplamaq üçün 02.06-12.06.2025 tarixlərində Göygöl, Daşkəsən, Laçın və Şuşa rayonlarında ekspedisiyada olub. Ekspedisiya zamanı Göygöl Milli Parkı və ona bitişik dağ yamaclarında vizual müşahidələr aparılmış, müşahidə aparılan ərazilərdə təbii amillərdən (sel, daşqın, uçurum) yaranan heç bir dəyişiklik aşkar edilməyib. Ərazilərdə reptililərin yaşayış yerlərinin keyfiyyətinə mənfi təsir edən yalnız antropogen xarakterli amillər oldu ki, bu da ərazinin yerli əhali və iaşə obyektləri tərəfindən məişət tullantıları ilə çirkləndirilməsi faktları ilə bağlı idi.