XƏBƏRLƏR
241 Arxiv

2025.06.17

“BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb

17 iyun tarixində ARETN Zoologiya İnstitutunun təşkilatçılığı ilə “BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfransının açılış mərasimi keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə institutun baş direktoru a.e.d., dosent Ələddin Eyvazov açaraq “BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR”  mövzusunda məruzə ilə çıxış edib və konfransı açıq elan edib. O, öz çıxışında quru və su ekosistemlərinin qlobal iqlim dəyişilmələri şəraitində bioloji müxtəlifliyin ümumi problemlərinin, fauna ehtiyatlarından səmərəli istifadənin, bioloji invaziyaların problemlərinin, təbii ekosistemlərdə heyvanların parazit faunasına aid aktual məsələlərin müzakirəsindən söhbət açıb.

Daha sonra tədbirdə AMEA-nın vitse prezidenti, ARETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova qonaqları salamlayıb, konfransın işinə uğurlar arzu etdi. İradə Hüseynova Azərbaycanın zəngin biomüxtəlifliyinin qorunması, öyrənilməsi, aktual problemləri istiqamətində görülən çoxşaxəli tədbirlər haqqında danışıb. O, həmçinin heyvan və bitki növlərinin azalması və nəslinin kəsilməsi hadisəsinin vacibliyini vurğulayaraq bu kimi qlobal problemlərin aradan qaldırılması aspektlərindən bəhs edib.

Tədbirdə AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Bakı Dövlət Universitetinin Zoologiya və Fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev, b.e.d., professor Nəcəfov Canbaxış, Professor Aziz Eftekhari, eləcə də Zoom platforması üzərindən xarici qonaqlar - Türkiyə Fırat Universiteti Su Ürünləri Fakultəsi dekanı, professor Dr. Kenan Köprücü, Fırat Universiteti Dr Şəbnəm Fərzəli, REA Ural Şöbəsi (Yekaterinburq) “Filogenetika və bioxronologiya” laboratoriyasının müdiri, b.e.d., dosent Aleksandr Vasilyeviç Borodin məruzələrlə  çıxış edərək konfransın işinə uğurlar arzuladılar.   

İki günlük konfrans öz işini seksiyalarda davam etdirir.