2025.06.11
“Dövlət satınalmalarında və insan resurslarının idarə edilməsi prosedurlarında şəffaflığın artırılması” mövzusunda iclas keçirilib
11 iyun 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində “Dövlət satınalmalarında və insan resurslarının idarə edilməsi prosedurlarında şəffaflığın artırılması” mövzusunda iclas keçirilib.
İclasda çıxış edən İnstitutun baş direktoru a.e.d., dosent Ələddin Eyvazov “Dövlət satınalmalarında və insan resurslarının idarə edilməsi prosedurlarında şəffaflığın artırılması” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, dövlət satınalmaları – dövlətin və ona bağlı təşkilatların müxtəlif mallar, işlər və xidmətlər almaq məqsədilə həyata keçirdiyi rəsmi və hüquqi prosedurlar birliyidir. Bu sistem təkcə dövlət orqanlarının deyil, bütün cəmiyyətin iqtisadi maraqlarını qorumaq üçün yaradılmışdır. Satınalma mexanizmləri vasitəsilə dövlət infrastruktur qurur, məktəblər və xəstəxanalar təchiz edir, yol salır və ictimai xidmətləri təmin edir. Hər bir vətəndaşın ödədiyi vergilər nəticəsində formalaşan büdcə vəsaitləri məhz bu mexanizm vasitəsilə istifadə olunur. Ona görə də dövlət satınalmaları həm maliyyə intizamı, həm də ictimai güvən baxımından ciddi əhəmiyyət daşıyır. Direktor həmçinin korrupsiyanın dayanıqlı inkişaf üçün təhlükə yaradan əsas amillərdən biri olduğunu söyləyib, korrupsiyanın iqtisadi və sosial tərəqqiyə ciddi təsir göstərdiyini, cəmiyyətin inkişafına mane olduğunu vurğulayıb.
Daha sonra institutun baş meneceri Kəmalə Rasimli çıxış edərək “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 27 dekabr 2001-ci ildə qəbul edildiyi barədə danışıb. Qanunun preambula hissəsində göstərilir ki, “Bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir” deyə o, əlavə edib.