XƏBƏRLƏR
434 Arxiv

2025.05.07

Zoologiya İnstitutunda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ilinə həsr edilmiş tədbir keçirilib

7 may 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.

İclası giriş sözləri ilə açan İnstitutun baş direktoru, aqrar elmlər doktoru Ələddin Eyvazov Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü haqqında məruzə ilə çıxış edib. O bildirib ki,  Ümummilli Lider Heydər Əliyev böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş, özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır. Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmışdır. XX yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamam­lanıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyət dövrü  Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyaraq  yenidən dirçəliş mərhələsinə daxil olmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillərdir.

Tədbirdə daha sonra İnstitutun “Yeni Azərbaycan Partiyasının” təşkilat sədri, b.ü.f.d. Hafiz Muxtarov və Quru onurğasızları laboratoriyasının kiçik elmi işçisi Nərmin Əliyeva, b.e.d., professor Nəcəfov Canbaxış ulu öndər Heydər Əliyevin 102-ci ildönümü ilə bağlı keçirilmiş tədbirdə məruzə ilə çıxış edib.

Tədbirin sonunda Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş video çarx nümayiş olunub.