
2025.04.29
Zoologiya İnstitutunun əməkdaşı oxu.az-a müsahibə verib
ARETN Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov oxu.az-a müsahibə verib.
E.Əsgərovun sözlərinə görə, son zamanlar itlərin yeni cinsləri ortaya çıxıb, bunlar canavara bənzədilir:
"Ötən əsrin ikinci yarısından etibarən artıq yeni it cinsləri ortaya çıxıb. Bunlar da canavara oxşayırlar. Ruslar buna "volkasob" (canavarla itin qarışığı) deyirlər. Məsələn, Çexiyada belə itlər var, baxanda canavara bənzədilir. Mütəxəssis gözü ilə baxmasan, it olduğunu başa düşmək olmur.
İt quyruğunu qıvırır, onun alnı canavarın alnından enli olur. Bunu da yalnız mütəxəssis gözü ilə baxdıqda müşahidə etmək olur. Hətta canavar görən kənd sakini belə, bəzən bu iki canlını ayıra bilmir".
O bildirib ki, vaxtilə Bakıya canavarlar gəlirmiş:
"Bakıətrafı ərazilər yarımsəhradır. Buranın özü elə vaxtilə canavarların məskəni olub. Keçən əsrin əvvəllərində Bakıya canavarlar indiki Qurd qapısından gəlirmişlər. Elə buna görə də həmin ərazinin adı "Qurd qapısı" qalıb.
Ümumiyyətlə, canavarların gəlməsi normaldır.
Canavar bir neçə səbəbdən insan məskənlərinə gələ bilər. Yırtıcı heyvanları insan məskənlərinə cəlb edən məişət tullantılarıdır. Onun qoxusunu uzaqdan hiss edən çaqqallar, canavarlar, tülkülər, ayılar və s. gəlirlər. Bu praktika dünyanın hər yerində mövcuddur. Canavar çöldə gərək saatlarla dovşan, ceyran tutub qidalansın, amma gəlib məişət tullantısından özünə qida tapır, bu isə daha rahat başa gəlir.
Həmçinin canavar yaşlı, xəstə olduqda, özünə qida tapa bilmədikdə gələ bilər. O da rahat qida axtarışına çıxır. Canavar yalnız sürü halında yaşamır. Yalquzaq canavarlar da var ki, tək yaşayırlar. Ola bilər ki, xəstədir, beyin idarəetməni itirib, belə olanda insan məskəninə gələ bilər".
Elşad Əsgərovun sözlərinə görə, quduzluq xəstəliyinə yoluxmuş canavar insana hücum etsə, təhlükə yarada bilər:
"Xəstə heyvan özünü idarə edə bilmir. Bu zaman hücumlar ola bilər. Lakin normal halda canavar insandan qaçır. İstisna hal kimi özünü təhlükədə hiss edərsə, hücum edə bilir".
Elşad Əsgərov vətəndaşın göndərdiyi videonu analiz edərkən bildirib ki, görüntüdə qeydə alınan heyvan canavar deyil, Sibir haskisi ilə küçə itinin qarışığından ərsəyə gələn itdir.
https://oxu.az/cemiyyet/sakin-bakida-canavar-gorduyunu-iddia-edir-bes-realliq-nedir