
2025.03.17
Zoologiya İnstitutunda bir sıra əməkdaşların mükafatlandırılması prosesi davam edir
Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində olan elmi müəssisələrdə fəaliyyət göstərən tədqiqatçıların mükafatlandırılması prosesi cari ildə də davam edir.
Tədqiqatçıların mükafatlandırılmasında əsas məqsədlərdən biri beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayının artırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi olduğunu nəzərə alaraq, EATDA tərəfindən sahə üzrə istinad indeksi göstəriciləri, Q1 və Q2 kvartilli jurnallarda dərc olunan məqalə sayı, məqalənin dünya üzrə ən oxunaqlı TOP 10% elmi iş siyahısında yer alması və həmmüəllif sayı kimi göstəricilər əsasında müəllif balının hesablanma qaydası işlənib hazırlanmış və buna əsasən aylıq ödənişlərin verilməsi nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, müvafiq komissiyanın yaradılması yolu ilə təqdim olunan qayda üzrə əldə olunmuş nəticələrə əsasən A, B və C kateqoriyalarında yer alan şəxslərə cari ilin sonunadək hər ay müvafiq məbləğin ödənilməsi həyata keçiriləcək.
Qeyd olunanlara əsasən AR ETN Zoologiya İnstitutunda da beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayına görə Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Fuad Rzayev – “A”, Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov - “B”, Quru onurğasızları laboratoriyasının baş elmi işçisi b.e.d., dosent Natalya Sneqovaya və Protozoologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d., dosent Simuzər Mamedova - “C” kateqoriyasında mükafatlandırılacaq.