XƏBƏRLƏR
475 Arxiv

2025.03.13

Zoologiya İnstitutunda elmlər doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

12 mart 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunun dissertasiya şurasının növbəti iclası keçirilib. Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qüdrət qızı Kərimovanın 2413.01 “Entomologiya” ixtisası üzrə “Azərbaycanın torqanadlı (Neuroptera) həşəratlarının (Mantispidae, Ascalaphidae, Myrmeleontidae, Nemopteridae) faunası, sistematikası, ekologiyası və filogenetikası” mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, biologiya elmləri doktoru Elşad Əhmədov məruzə ilə çıxış etmək  üçün sözü iddiaçıya verib.

İlhamə Kərimova öncə dissertasiya işinin aktuallığı, tədqiqatın obyekti və predmeti, məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. O, tədqiqat obyektinə daxil olan fəsilələrin faunistik, sistematik, zoocoğrafi və filogenetik nöqteyi-nəzərdən tədqiq olunduğunu, bəzi növlərin molekulyar-genetik metodların köməyilə DNT barkodinqinin həyata keçirildiyini, nukleotid ardıcıllıqlarının GenBank-a daxil edildiyini qeyd edib. 2012-2023-cü illər ərzində ölkənin  bütün təbii vilayətlərindən toplanmış materiallar arasından Azərbaycan faunası üçün 11 yeni növün, 3 yeni yarımnövün qeydə alındığını xüsusi vurğulayan alim, bu dissertasiya işinin Azərbaycanın Neuroptera faunasının öyrənilməsi sahəsində olan boşluğun doldurulmasında mühüm rol oynadığını söyləyib.

Qeyd edək ki, dissertasiyanın elmi məsləhətçisi Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Yuryevna Sneqovayadır.

İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.