
2025.03.03
Bu gün “Ümumdünya Vəhşi Təbiət Günü”dür
2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu mühüm günü təsis edən qətnamə 2013-cü il dekabrın 20-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 68-ci sessiyasında qəbul edilib. Ümumdünya Vəhşi Təbiət Gününün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.
Ölkəmizdə vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində görülən mühüm tədbirlərdən biri xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. Hazırda ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,31 %-ni təşkil edir. Həmçinin dövlət tərəfindən nəsli kəsilmək təhlükəsi olan növlərin bərpası üçün beynəlxalq və yerli təşkilatlarla birgə layihələr icra olunur, ekoloji və sosial fəsadlar törədən vəhşi təbiət cinayətlərinə qarşı mübarizə tədbirləri gücləndirilir.