2025.02.25
Zoologiya İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
25 fevral 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən İnstitutun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov Xocalı soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat verib. O, ermənilər tərəfindən törədilən, yaddaşlara qanlı və amansız cinayət kimi düşən bu soyqırımın tariximizin faciəli səhifələrindən biri olduğunu qeyd edib. Lakin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və qüdrətli ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan azad edildi və Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı deyə direktor əlavə edib.
Sonra Zoologiya İnstitutunun YAP ərazi təşkilatının sədri b.ü.f.d., Hafiz Muxtarov çıxış edərək, Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə baş vermiş soyqırımda qocalara, qadınlara, uşaqlara belə rəhm etmədən əhalinin necə güllə-boran edilməsindən danışıb. O, bir gecənin içərisində qədim Xocalının yerlə-yeksan edilməsindən, nə qədər əliyalın əhalinin əsir düşməyindən, girov götürülməyindən, onların ağlasığmaz erməni zülmünə məruz qalmağından danışıb.
Daha sonra Zoologiya İnstitutunun Tətbiqi Zoologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d., Səliqə Qazi Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Faciəni qətliam kimi tanıyan ölkə və təşkilatlar haqqında danışan məruzəçi bunun tarixi zərurət olduğunu bildirib.
Tədbirdə həmçinin digər əməkdaşlar da çıxış edərək , qanlı hadisənin xalqımızın yaddaşında əbədi həkk olunduğunu vurğulayıblar.
Sonda tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilən videoçarxın nümayişi ilə sona çatıb.