XƏBƏRLƏR
942 Arxiv

2025.01.16

ETN Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

16 yanvar 2025-ci il tarixində, Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri İnstitutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov açıb. O, çıxışında Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisəsinin millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu bildirib. 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Tədbirdə daha sonra, YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si ilk Partiya Təşkilatının sədri, b.ü.f.d. Hafiz Muxtarov və İnstitutun kitabxanasının baş mütəxəssisi Fatma Əbdülova bu qanlı tarixlə bağlı acı xatirələrini paylaşıblar.

Tədbirin sonunda qanlı yanvar hadisələrini əks etdirən video çarx nümayiş olunub.