2024.11.21
Hidrobiologiya laboratoriyasının əməkdaşları Xəzərin Kürağzı və Qızılağac ərazilərində ekspedisiyada olmuşlar
ARETN Zoologiya institutunun Hidrobiologiya laboratoriyasının müdiri b.ü.f.d.,dosent S.Ş.Süleymanov və kiçik elmi işçisi İ.Ş.Səmədli Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı tədbirlər planının müvafiq bəndinin icrası üçün 06-07.11.2024-cü il tarixlərində Xəzərin Kürağzı və Qızılağac ərazilərinin sahilboyu sularında monitorinq keçirmişlər. Monitorinq zamanı digər balıqlarla birlikdə, az sayda da olsa Xəzər qızılbalığı körpələrinə rast gəlinmişdir. Sürütmə tora körpə balıqlarla yanaşı, yuxarı yaş qrupuna aid edilən balıqlar da düşmüşdür. Qeyd etmək lazımdır ki, həvəskar balıqçıların məlumatlarına görə onların toruna da tək-tək hallarda Xəzər qızılbalığı da düşür. Monitorinq zamanı müəyyən edilmişdir ki, Qlobal İqlim Dəyişmələri nəticəsində Xəzər dənizi səviyyəsi aşağı düşmüş, bu səbəbdən Xəzərin sahilboyu zonalarında körpə balıqlara az sayda rast gəlinmişdir. Onlar daha çox dənizin dərin qatlarına üstünlük vermişlər.
Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.