2024.11.05
Zoologiya İnstitutunda Zəfər gününə həsr olunan tədbir keçirilib
5 noyabr 2024-cü il tarixində ETN Zoologiya İnstitutunda YAP İlk Partiya təşkilatı, Qadınlar şurasının birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər gününə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə İnstitutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov açıb. O, bildirib ki, 8 noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür. 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.
Daha sonra söz, İnstitutun “Yeni Azərbaycan Partiyasının” təşkilat sədri, b.ü.f.d. Hafiz Muxtarova verilib. Hafiz Muxtarov 44 gün davam edən və möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsinin hərb tariximizə qızıl hərflərlə yazıldığını xüsusi vurğulayaraq, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğundan bəhs edib. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Tədbirdə Qadınlar Şurasının sədri b.e.d Yeganə Mahmudova, Quru onurğalıları laboritoriyasının baş elmi işçisi, b.e.d., dosent Tahir Kərimov, Parazitologiya laboratoriyasının kiçik elmi işçisi Vüsalə Səfixanova Zəfər Günü ilə bağlı məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda “Zəfər gününə” həsr edilən video-çarx nümayiş etdirilib.