XƏBƏRLƏR
577 Arxiv

2024.09.26

AR ETN Zoologiya İnstitutunda 27 sentyabr “Anım günü ” ilə bağlı tədbir keçirilib

Tədbir şəhidlərin xatirəsinin sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi və "Anım gününə" həsr olunmuş videoçarxın nümayiş olunması ilə başlayıb. Zoologiya İnstitutunun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov  bildirib ki, hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş  əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin geniş miqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində,Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.  Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ Müharibəsinin çevrilmişdir.

Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırmış, onu yumruq kimi sıx birləşdirmişdi.

Daha sonra tədbirdə YAP Yasamal rayonu “504”-cü məhəllə ərazisi İlk Partiya Təşkilatının sədri, b.ü.f.d. Hafiz Muxtarov, Quru onurğalılar laboratoriyasının müdiri, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, Parazitologiya laboratoriyasının kiçik elmi işçisi Aynur Hacıağayeva “Anım günü” ilə əlaqədar məruzələrlə çıxışlar etmişlər. Məruzələrdə qeyd olunub ki, Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.

Həmin dövrdə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə hər bir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu.

Hazırda azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz  dönüşü üçün addımlar atılır. 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,  ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirirk. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Tədbirin sonunda əməkdaşlar II Şəhidlər xiyabanını ziyarət etmiş, şəhidlərimizin xatirəsini dərin hüzünlə yad edərək məzarlar üzərinə gül düzüblər.