XƏBƏRLƏR
599 Arxiv

2024.09.27

ARETN Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib

Protozoologiya laboratoriyasının böyük elmi işçisi b.ü.f.d., dosent Elyanə Tahirova sentyabrın 16-dan 20-nə kimi Rusiyanın Arxangelsk şəhərində elmi ezamiyyədə olmuşdur. O, REA Ural bölməsinin akademik N.P.Lavyorov adına Arktikanın Kompleks Tədqiqi Federal Tədqiqat Mərkəzinin elmi-laboratoriya binasında keçirilmiş “Molyusklar: biologiya, ekologiya, təkamül və malakofaunanın formalaşması” mövzusunda II Beynəlxalq elmi konfransda “Azərbaycanın şirin su molyusklarının öyrənilməsinə dair” adlı məruzə ilə çıxış etmiş və sertifikatla təltif edilmişdir.

Həmçinin Parazitologiya laboratoriyasının müdiri, b.e.d., dosent Asif Manafov konfransda online iştirak edərək, “Molyusk Melanopsis praemorsa (L., 1758) Azərbaycanın su hövzələrində trematodların aralıq sahibi kimi” adlı mövzusu ilə məruzə etmişdir. Hər iki çıxış maraqla qarşılanmış, mövzular ətrafında müzakirələr aparılmışdır.

Konfrans Rusiya Elmlər Akademiyasının 300 illiyi, Rusiyada elm və texnologiyanın 10 illiyi və Uzaq Şərq Malakoloji Cəmiyyətinin 30 illiyinə həsr olunmuşdur. Bu elmi forumda Rusiya, Belarus və Azərbaycandan şirin su, dəniz və quru molyuskalarını tədqiq edən 50-dən çox alim iştirak etmişdir. Konfransın təşkilatçılarından biri Sankt-Peterburq Dövlət Universitetinin professoru, həmçinin E.Tahirovanın doktorluq dissertasiya işinin elmi məsləhətçisi Maksim Vinarski idi.

Daha sonra E.Tahirova Tədqiqat Mərkəzinin laboratoriyaları və molyusklara aid kolleksiya materialları ilə tanış olmuşdur.

Qeyd edək ki, REA Ural bölməsinin akademik N.P.Lavyorov adına Arktikanın Kompleks Tədqiqi Federal Tədqiqat Mərkəzi ilə ARETN Zoologiya İnstitutu arasında 2024-cü ilin may ayında əməkdaşlıq müqaviləsi imzalanmış və hər iki təşkilatın alimləri arasında elmi əməkdaşlıqlar davam etdirilir.