2024.09.25
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib
Cari ilin 24-25 sentyabr tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi BM və TBETİ İnstitutunda “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AR ETN Zoologiya İnstitutunun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov sözügedən beynəlxalq konfransda iştirak etmişdir. O, çıxışında bildirib ki, qlobal iqlim dəyişkənliyi nəticəsində baş verən istiləşmə və onun yaratdığı böyük fəsadlar bu gün planetimizin üzləşdiyi ən böyük problemlərdən biridir. Qlobal iqlim dəyişkənliyi bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir. Qlobal istiləşmə təkcə elm adamlarının, ekoloqların və siyasətçilərin müzakirə etdiyi mövzu deyil, hər bir ölkə, hər bir icma və hər bir fərd bu problemin həllinə töhfə verməlidir.
Ə. Eyvazov həmçinin diqqətə çatdırıb ki, Azərbaycan da qlobal səviyyədə iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək göstərən dövlətlər sırasındadır. Respublika Prezidentinin Sərəncamı ilə bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bundan başqa, respublikamız “yaşıl enerji”yə keçid prosesi sahəsində mühüm uğurlara imza atır. "Yaşıl enerji"yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər isə "yaşıl enerji" keçidini sürətləndirir.
Daha sonra, o bildirib ki, iqlim dəyişkənliyi bütün səviyyələrdə əlaqələndirilmiş fəaliyyət tələb edən qlobal təhlükədir. Yalnız beynəlxalq əməkdaşlıq, elmi araşdırmalar və inteqrasiya olunmuş yanaşma sayəsində biz iqlim dəyişkənliyinin zərərli orqanizmlərindən bitkilərin sağlamlığına təsirini minimuma endirə və gələcəyimiz üçün yaratdığı təhlükələrin qarşısını ala biləcəyik.