2024.09.23
Hidrobiologiya laboratoriyasının əməkdaşları Xəzərin Şah dili, Bəndovan və Kürağzı ərazilərində ekspedisiyada olmuşlar
ARETN Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının müdiri, dosent S.Ş.Süleymanov, aparıcı elmi işçisi Ə.G.Cəlilov, böyük elmi işçisi N.Ş.Şamionova və kiçik elmi işçisi İ.Ş.Səmədli Cənubi Xəzərin Şah dili, Bəndovan və Kürağzı ərazilərində 16.09-20.09.2024-cü il tarixlərində ekspedisiyada olmuşlar. Tədqiqat zamanı Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsiylə bağlı tədbirlər planına uyğun olaraq ixtioloji müşahidələr də aparılmışdır.
Tədqiqat dövründə 12 ədəd qurma tora 9 növə aid (İrigöz şişqarın, Xəzər şişqarını, Dolgin siyənəyi, Sara siyənəyi, Xəzər külməsi, kütüm, adi çəki, sivriburun kefal, Xəzər aterini ) 57 ədəd balıq, sürütmə tora isə (Xəzər külməsi, kütüm, şərq çapağı, adi çəki, iriboğaz xul, qumluq xulu, Xəzər aterini və Xəzər iynəbalığı) 65 ədəd balıq düşdüyü qeyd edilmişdir. Ova düşən balıqların növ tərkibi çox olsa da, sayca az olmuşdur. Az olmasına səbəb çox güman ki, həmin dövrdə küləkli hava şəraitinin təsirinə görə suda temperaturun nisbətən aşağı olması ilə əlaqədar olaraq balıqların çox hissəsi dənizin dərin hissəsinə üstünlük verməsi olmuşdur. Müəyyən edilmişdir ki, son illərdə dənizin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq sahilyanı zonalarda fitofil qrupa aid edilən balıqların ekoloji vəziyyəti qənaətbəxş deyildir. Bunu da fitofil qrupdan olan yarımkeçici balıqların gələcəkdə ehtiyatının kəskin azalmasına səbəb olan amillərdən biri kimi hesab etmək olar.
Mezoplanktona aid 8 nümunə toplanmışdır. Toplanmış materiallar fiksə edilərək etiketlə təchiz edilmişdir. Bioloji örtüyə dair 10 ədəd nümunə toplanmışdır. İşlənmək üçün laboratoriyaya gətirilmişdir.
Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.