2024.08.05
AR ETN Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının əməkdaşları Kəlbəcər rayonunda ekspedisiyada olmuşlar
AR ETN Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının əməkdaşları b.ü.f.d. Təvəkkül İsgəndərov və b.e.d. Tahir Kərimov 2024-cü ilin 24-26 iyun tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” proqramı çərçivəsində nadir cütdırnaqlı məməli növlərinin Qarabağ ərazilərində tarixi areallarına reintrodusiyası ilə bağlı Kəlbəcər rayonunda elmi tədqiqat aparmışlar.
Azərbaycan Respublikasının məməlilər faunasının (Mammalia) nadir növlərindən olan Bezoar keçisinin (Capra aegagrus) azad olunmuş torpaqlarda tarixi areallarının reintroduksiya üsulu ilə bərpası məqsədilə Kəlbəcər rayonu ərazisində Bezoar keçisinin arealları – sıldırımlı sərt dağ yamaclarda müşahidələr aparılmışdır. Kəlbəcər rayonunda bezoar keçilərinin əsas məskən saldığı ərazilər Tutquçayın Tərtərlə birləşdiyi kanyonda, İstisu qəsəbəsinin şərqində Məmmədsəfi, Zar, Xoləzək kəndlərinin qarşılaşdığı qayalıqlarda vizual müşahidələr aparılmışdır. Həmçinin ərazidəki çobanlar, əsgərlərlə sorğular aparılmışdır. Ötən ildən bəzi nöqtələrdə qurqşdırılmış fototələlərin yaddaşı da tədqiq edilmişdir. Müşahidələr göstərmişdir ki, ərazidə qaya keçilərinin əsas sıx məskən saldığı ərazilər Qamışlı körpüsünün ətrafındakı qayalıq ərazilərdir. Qaya keçilərinin tədqiqatın məqsədi reintroduksia üçün keçi fərdlərinin tutulacağı və buraxılacağı ərazilərin müəyyən edilməsidir. Kəlbəcər rayonu ərazisində Bezoar keçisi populyasiyasının sayca artımı qeydə alınsada bu ərazilərdə relyef baxımından reintroduksiyası məqsədə uyğun hesab edilmir.