2024.07.08
Polşanın “Upper Silesiana in Bytom” muzeyinin əməkdaşları Azərbaycanda səfərdə olmuşlar
Polşanın “Upper Silesiana in Bytom” muzeyinin əməkdaşları Rland Dobosz, Andrzej Lason və Lukasz Matuszewski İyunun 21-dən iyulun 5-nə kimi Azərbaycanda olmuşlar. Qonaqlar ilk əvvəl ARETN Zoologiya institutu Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Kərimova ilə görüşmüş, birgə tədqiqat planları müzakirə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən öncədən əldə edilmiş razılığa əsasən qonaqlar Hirkan və Şirvan Milli Parklarında elmi işlər aparmışlar. Roland Dobozs həşəratların torqanadlılar (Neuroptera), Andrzej Lason sərtqanadlılar (Coleoptera) və Lukasz Matuszewski isə kəpənəklər (Lepidoptera) dəstələri üzrə mütəxəsislərdir. Tədqiqatların nəticələri Azərbaycan alimləri ilə birgə SCOPUS və WOS bazalarında indeksləşmiş beynəlxalq jurnallarda çap ediləcək elmi məqalələrdə öz əksini tapacaqdır.