2024.04.29
ETN Zoologiya İnstitutu Parazitologiya laboratoriyasının elmi işçisi Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olub
21-26.04.2024-cü il tarixlərində ETN Zoologiya İnstitutu Parazitologiya laboratoriyasının elmi işçisi Gülnarə Hüseynova “Azərbaycanın Muğan düzündə buğda bitkisinin fitohelmintlərinin biotası” mövzusunda elmi tədqiqatlar aparmaq məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutuna ezamiyyətə getmişdir. Ezamiyyət zamanı elmi rəhbəri b.ü.e.d. Aleksandr Yuryeviç Rıssın rəhbərliyi altında Berman, Rıss və süzmə üsulu ilə buğda sahələrindən toplanmış buğda nümunələrinin ekstraksiyası aparılmış və yeni fitonematod növləri aşkar edilmişdir. Bundan əlavə, canlı fitonematodlardan molekulyar genetik analiz aparılması üçün nümunələr toplanmış, nematod sürfələrindən nümunələr götürülmüş, həmçinin nematodların populyasiya dinamikası ilə eksperimenti metodikası öyrənilmişdir.
Qeyd edək ki, ekspedisiya müddətində yığılmış materiallardan hazırlanmış daimi preparatlardan nematodların növ təyinatı aparılmışdır. Təyin olunmuş növlərdən elektron mikroskopla çəkilmiş fotolardan atlas tərtibatı yaradılmış, eləcə də təyin olunmuş növlərin geniş məlumatları ilə cədvəlləri tərtib edilmişdir.