2024.06.13
Zoologiya İnstitutunda Qurtuluş gününə həsr olunan tədbir keçirilib
13 iyun 2024-cü il tarixində AR ETN Zoologiya İnstitutunda Qurtuluş gününə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov iştirakçıları iclasın gündəliyi ilə tanış edib. O, çıxışında bildirib ki, 15 iyun Milli Qurtuluş Günü Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Daha sonra YAP Yasamal rayonu “504”-cü məhəllə ərazisi İlk Partiya təşkilatının sədri Hafiz Muxtarov, Quru onurğalılar laboratoriyasının müdiri b.ü.f.d Təvəkkül İsgəndərov, Parazitologiya laboratoriyasının elmi işçisi Nərmin Əsgərova Qurtuluş Günü ilə bağlı məruzələr ilə çıxış edib.
Tədbirin sonunda “Qurtuluş gününə” həsr edilən video-çarx nümayiş etdirilib.