2024.05.17
Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Balakən və Zaqatala rayonlarında ekspedisiyada olublar
Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d.,dos. Barat Əhmədov, aparıcı elmi işçi b.ü.f.d., dos. İradə Nuriyeva və böyük elmi işçi b.ü.f.d. Səliqə Qazi Balakən və Zaqatala rayonlarında ekspedisiyada olublar.
Ekspedisiya müddətində əməkdaşlar tərəfindən, plana uyğun olaraq, Balakən rayonunun Katex, Gərəkli, Talalar kəndlərinin və Zaqatala rayonunun Aşağı Tala, Bazar, Abaəli kəndlərinin ərazilərində müxtəlif bio və aqrosenozlara baxışlar keçirilib. Fitosanitar Xidmətləri əməkdaşlarının aprel ayında sahələrdə quraşdırdıqları feromon tələlərinə baxış zamanı tələlərdə küllü miqdarda ölmüş taxtabiti fərdlərinin olduğu qeydə alınmışdır. Əməkdaşlar yol kənarinda yerləşən binaların (restoran, otel, çayxana və s.) ətraflarında quraşdırılmış tələlərə daha çox zərərvericinin düşdüyünü qeyd ediblər. Bunu da, müxtəlif vaxtlarda Gürcüstan ərazisindən kecən iritonlu yük maşınları ilə gələn zərərvericilərin həmin ərazilərdə məskunlaşması və orada olan binaların çardaxlarında qışlaması ilə əlaqələndirirlər. Aprel ayında temperaturun yüksək olması zərərvericilərin qışlamadan daha tez çıxmasına və bu sahələrdə tələlərə daha çox düşməsinə səbəb olmuşdur. Ekspedisiya müddətində isə havaların yağışlı və sərin keçməsi ilə əlaqdar olaraq, sahələrdə zərərvericilərin aktivliyi, demək olar ki, sıfıra enmişdir.
Hazırda toplanmış materiallar üzərində laboratoriya təcrübələri davam etdirilir.