XƏBƏRLƏR
497 Arxiv

2023.05.17

Qadınlar şurası "Beynəlxalq ailə günü" münasibətilə tədbir keçirib

17 may 2023-cü il tarixində Zoom platforması üzərindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya, Dendrologiya İnstitutları və Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Qadınlar şuralarının birgə təşkilatçılığı ilə Beynəlxalq ailə günü münasibətilə “Müasir ailə, elm və təhsil” mövzusunda  onlayn formada tədbir keçirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən  bütün dünyada 15 may Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Tədbiri Dendrologiya İnstitutunun baş direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova açaraq, iclası aparmaq üçün sözü Zoologiya İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent  Sara Əliyevaya verib. Proqrama uyğun olaraq  Dendrologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri  doktoru, dosent Zümrüd Məmmədova “Ailə münasibətlərinin formalaşmasında elm və təhsilin rolu”, aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Dilrubə Əliyeva “Sağlam ailə, sağlam gələcək”, Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanova “Elmdə qadın: ailədən gələn motivasiya və ailə dəstəyinin rolu”, baş mütəxəssisi Ləman Hüseynova “Azərbaycan qadınının elm və təhsildə üzləşdiyi problemlər və müasir ailənin qurulmasında qadının rolu”, Qafqazşünaslıq İnstitutunun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova “Ailədaxili münaqişələrin uşaqlarda yaratdığı psixoloji problemlər”, elmi işçisi Günel Qurbanova “Heydər Əliyev və Azərbaycanın təhsil sistemində gender siyasəti” adlı mövzularda məruzə ilə çıxış etdilər. Daha sonra Dendrologiya İnstitutunun laborotoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Gülməmmədova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova ailənin cəmiyyətdə rolu barədə ətraflı məruzə ediblər

Sonda “İlk qadın alimlər” haqqında videoçarx nümayiş olundu.

Tədbir proqramı