XƏBƏRLƏR
648 Arxiv

2023.03.02

Zoologiya İnstitutunda “27 Mart – Elm Gününə” həsr olunmuş Elmi seminar keçirilib

2 mart 2023-cü il tarixində, ARETN Zoologiya İnstitutunun “27 Mart – Elm Gününə” həsr olunmuş Elmi seminarı keçirilib. Tədbirdə sözügedən institutun alim və mütəxəssisləri, Dendrologiya İnstututunun Gənc alimlər və Mütəxəssislər Şurasının üzvləri, eləcə də, BDU-nun Zoologiya və Fiziologiya kafedrasının II kurs magistrantları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Zoologiya İnstitutunun baş direktoru vəzifəsini icraedən, a.e.ü.f.d., dos. Ələddin Eyvazov çıxış etmək üçün sözü institutun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qaziyə verib.

“Azərbaycanda bal arısının (Apis mellifera L.) kütləvi ölümlərinin səbəbi və onlara qarşı mübarizə yolları” mövzusunda məruzə edən alim çıxışı zamanı bal arısı və arı ailəsinin tərkibi, inkişafı, iş bölgüsü, arılarda ölüm halları yaradan amillər, bal arısının zərərvericiləri, xəstəlikləri haqqında, xüsusilə də son illərdə Azərbaycanda kütləvi arı ölümlərinə səbəb olan xəstəliklər barəsində və eləcə də, bu xəstəliklərə qarşı mübarizə yolları haqqında məlumatlar verib.

Məruzəçi ona ünvanlanmış sualları cavablandırdıqdan sonra institut əməkdaşları mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildirərək geniş müzakirələr aparılıblar.