XƏBƏRLƏR
528 Arxiv

2023.02.24

Zoologiya İnstitutunda “Xocalı soyqırımı”nın 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

24 fevral 2023-cü il tarixində AMEA-nın Zoologiya İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən  İnstitutun direktoru vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək çoxlu sayda mülki əhalini, əsasən də uşaq və qadınları qətlə yetirdiyini bildirmişdir.

Ə.Eyvazov, Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklərdən danışaraq, soydaşlarımızın xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Xocalı faciəsindən sonra da xalqımızın başına bir sıra müsibətlərin gətirildiyini qeyd edən Ə.Eyvazov  deyib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu cür qırğınların qarşısı alındı.

O, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımıza qarşı çoxsaylı qırğınların törədilməsinə baxmayaraq, Azərbaycan xalqının hər zaman işğal altında olan torpaqlarımızın azad olunacağına inandığını bildirib. Daha sonra  44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan söz açıb, müharibədən sonra Azərbaycanın dünyada artan nüfuzundan da danışıb. O, çıxışında xalqımızın qan yaddaşında olan hadisələri unutmamağı və gələcək nəsillərə ötürülməsinin vacibliyini önə çəkib.

Daha sonra Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d., dosent Barat Əhmədov və Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Nigar Mehdiyeva çıxış  ediblər.

Tədbirdə, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən videorolik nümayiş etdirilib.

“Xocalı soyqırımı” videoçarx