XƏBƏRLƏR
747 Arxiv

2023.02.10

Zoologiya İnstitutunda Beynəlxalq “Qadınlar və qızların elmdə iştirakı” gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 11 fevral - Beynəlxalq “Qadın və qızların elmdə iştirakı” gününə həsr olunmuş tədbir keçirilib. Bu günün qeyd olunması qadın və gənc qızların elmi sahələrdə rolunu, həmçinin onların elmdə iştirakının vacibliyini xatırladır.

Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Quru onurğalıları laboratoriyasının elmi işçisi Leyla Nadirli çıxış edərək Azərbaycanda gənc qızların təhsilə cəlb olunma tarixindən, dünya elmində ilklərə imza atan qadınlardan, elm və təhsil sahələrində qadınların mühüm rolundan məlumat verib.

Sonra Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Arzu Quliyeva Zoologiya İnstitutunun elmlər doktorları olan qadınların nailiyyətləri barədə məruzə ilə çıxış edib.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri m.v.i.e., b.ü.f.d. Elyanə Tahirova gənc alimlərə zoologiya elmində böyük nailiyyətlər əldə etmiş qadın alimlərimizi özlərinə nümunə götürməyi, onların yolunu izləməyi və respublikamızın gənc qadın alimlərinin və əsl Azərbaycan xanımlarının timsalında cəsur olmağı, elm yolunda aktiv iştirak etməyi tövsiyə etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Quru onurğasızları laboratoriyasının müdiri v.i.e., b.ü.f.d. dosent Gülər Hüseynzadə elm sahəsindəki çətinliklərə baxmayaraq, gənc tədqiqatçıların elmə maraq göstərmələrini alqışlayıb və onların gələcək elmi nailiyyətlərində uğurlar qazanacaqlarına böyük ümidlər bəslədiyini vurğulayıb.

Sonda“Qadınlar və qızların elmdə iştirakı” gününə həsr olunan videoçarx nümayiş olunub.

“Qadınlar və qızların elmdə iştirakı” videoçarx