XƏBƏRLƏR
841 Arxiv

2022.06.13

AMEA Zoologiya İnstitutunda Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

07 iyun 2022-ci il tarixində, AMEA Zoologiya İnstitutunda Azərbaycan Respublikasının Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözüylə açan institutun baş direktoru vəzifəsini icra edən, a.e.ü.f.d Ələddin Eyvazov iştirakçıları iclasın gündəliyində olan mövzularla tanış edib. “Heydər Əliyev Qurtuluş mübarizəsinin qalibi, Azərbaycan Dövlətinin xilaskarıdır” adlı məruzə ilə çıxış edən Ə. Eyvazov bildirib ki, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Vətənin bu ağır dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Sonra, YAP Yasamal rayonu “504”-cü məhəllə ərazisi İlk Partiya təşkilatının sədri Hafiz Muxtarov “Böyük qələbənin qurtuluş çırağı Ulu Heydər Əliyevdir” adlı məruzəsində qeyd edib ki, ulu öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
İclasda həmçinin, b.ü.f. doktoru Təvəkkül İsgəndərov “Ulu öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirən ikinci xilaskar Cənab Ali baş komandan Prezident İlham Əliyevdir”, b.e.d. Qara Fətəliyev “Heydər Əliyev Azərbaycanın xilaskarı rolunda” məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda “Qurtuluş Gününə” həsr edilən video-çarx nümayiş etdirilib.