XƏBƏRLƏR
960 Arxiv

2022.06.10

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

10 iyun 2022-ci il tarixində saat AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasında, institutun “Parazitologiya” laboratoriyasının əməkdaşı Elnura Kamil qızı Aslanovanın 2429.01 – "Parazitologiya" ixtisası üzrə "Lənkəran bölgəsində siçanlar və siçancıqkimilərin (Rodentia: Muridae, Cricetidae) helmintlərinin növ müxtəlifliyi, onların yayılmasının landşaft-ekoloji xüsusiyyətləri" mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib. Tədqiqatın elmi rəhbəri biologiya elmləri doktoru, dosent Qara Hüseyn oğlu Fətəliyev,  rəsmi opponentləri isə biologiya elmləri doktoru, professor Saleh Heydər oğlu Məhərrəmov, tibb elmləri doktoru, professor Rafiq Ənvər oğlu Çobanov və biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Amaliya Murad qızı Həsənovadır.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d. Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. E. Aslanova bildirib ki, tədqiqatlar nəticəsində  Lənkəran bölgəsində gəmiricilərin helmintlərinin növ tərkibi öyrənilmiş və onlarda 47 növ helmintin parazitlik etməsi müəyyən edilmişdir. İddiaçı həmçinin, Azərbaycanda Lənkəran bölgəsində ilk dəfə olaraq gəmiricilərin helmintfaunasının tam şəkildə öyrənilməsini və onlarda 47 növ, o cümlədən 7 növ trematod, 14 növ sestod, 1 növ akantosefal və 25 növ nematodun parazitlik etdiyinin müəyyən edilməsini xüsusi vurğulayıb.

İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.